“Lider Media” qəzetinin həbsdə olan müxbiri Nizami Hacıyevin atası Lətif Hacıyev ölkə başçısı İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib. O, oğlunun müəmmalı şəraitdə həbs olunmasına baxmayaraq, uzun müddətdir ki, məhkum həyatı yaşamasından gileylənib. Həbsdə olan jurnalistin atası şikayət ərizəsinin bir sürətini də AzPolitika.com-a göndərib. Müraciəti olduğu kimi dərc edirik:
Ərizədə deyilir:
Ərizədə deyilir:
”Cənab Prezident!
Mənim oğlum ali təhsilli jurnalistdir. Heç bir cinayət etmədiyi halda, onu ağır cəzaya məhkum ediblər. Bu müddət ərzində onun həbsi barədə mətbuatda geniş müzakirələr aparıldığından və mənim bununla bağlı müxtəlif instansiyalara etdiyim çoxsaylı şikayətlər səbəbindən oğlumun həbs olunması motivlərindən bir daha söz açmaq istəmirəm. Nizaminin cəzasının əvvəli 2003-cü ilin iyun ayının 10-dan hesablandığı üçün o, artıq təyin olunan 11 illik cəzanın 9 il 8 ayını cəkib. Qanunvericiliyə görə, onun hazırkı cəzasının daha yüngülü ilə əvəz olunmasının vaxtı çoxdan çatıb. Ancaq təəssüflər olsun ki, müxtəlif əsassız və qanunazidd bəhanələrlə oğlumun cəza növünün dəyişdirilməsi ilə bağlı məhkəmələrə etdiyi müraciətlər rədd edilir. Xatırladım ki, qanunvericiliyə görə, məhkumun cəzasının daha yüngülü ilə əvəz olunmasında iki əsas meyar nəzərə alınır: lazım olan cəza müddətinin çəkilməsi və məhkumun cəza çəkdiyi müddət ərzindəki davranışı. Hər iki meyyar üzrə Nizaminin cəza növünün dəyişdirilməsi üçün tam qanuni əsas var. Çünki onun yüngül cəza növünə keçirilməsinin vaxtı 2 il 4 ay bundan əvvəl çatıb. Cəza cəkdiyi müəsissədən verilən coxsaylı xasiyyətnamələrin hamısında isə Nizami nümunəvi məhkum kimi xarakterizə olunur. Bütün bunlara baxmayaraq, ikinci dəfədir ki, birinci instansiya məhkəməsi olaraq müraciət etdiyi Binəqədi Rayon Məhkəməsi onun ərizəsini rədd edir və çıxardığı qərarı belə əsaslandırır: ”Hesab edirik ki, islah olunmayıb”. Mənim fikrimcə, verilən qərarların heç bir hüquqi və məntiqi əsası yoxdur.
Möhtərəm Prezident!
Oğlum bu ilin yanvar ayının 5-də barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. Onun himayəsində iki azyaşlı övladı var. Sizdən xahiş edirəm ki, oğlumun işini şəxsi nəzarətinizə götürəsiniz və onun barəsində bir daha ədalətsiz qərarın çıxarılmasına imkan verməyəsiniz”.

Комментариев нет:
Отправить комментарий