среда, 28 ноября 2012 г.

Evləri sökülənlər prezidentə müraciət elədi


Evləri söküntüyə gedən paytaxt sakinləri prezidentə müraciət edib


Bakının Rəşid Behbudov küçəsindəki 18 saylı binanın sakinləri prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir: “Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı 16 noyabr 2012-ci ildə bizimlə görüş zamanı övladlarımızın və nəvələrimizin təhsil aldıqları Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbin təmiri ilə bağlı 11 mənzildən ibarət evimizin sökülməsi barədə məlumat verib. İcra hakimiyyəti başçısının təklif etdiyi şərtlər bizi qane etmir.
Kiçik monitorinq nəticəsində müəyyən olunub ki, evimiz yerləşən ərazidə yeni tikilmiş binalarda mənzillərin (təmirsiz) qiyməti hər kvadratmetrə görə 1800-3000 manat arasındadır.
Biz hesab edirik ki, mövcud qanunvericiliyin müddəalarına əsasən, köçürülmə məsələsi qanunla müəyyən edilmiş müddətlərdə (ən azı 90 gün) həyata keçirilməlidir; mənzillərimizin qiymətləndirilməsi ilə əlaqədar bazar qiyməti düzgün müəyyən edilməlidir; köçürülmə ilə əlaqədar olan digər vacib məsələlər, o cümlədən 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq, yerdəyişmə və köçürülmə ilə bağlı xərclər və bununla bağlı yardımın təmin edilməsi üçün digər xidmətlərin və vəsaitlərin xərcləri nəzərə alınmalıdır.

Sizin ədalətinizə və yüksək insani dəyərlərə hörmətlə yanaşmağınızın dəfələrlə şahid olmuşuq. İnanırıq ki, bu məsələdə də mərhəmətinizi bizdən əsirgəməyəcəksiniz.
Hörmətlə,

Arefyeva Viktoriya Yuryevna
Bayramov Nurəddin Bayram oğlu
Əbilova Fəridə Böyükkişi qızı
Hacıyev Çingiz Əhməd oğlu
Heydərova Yaqut Absalam qızı
Hüseynov Namus Sadiq oğlu
Maxsudov Möhübbət Vəli oğlu
Məmmədova Elmira Yusupovna
Mirzəyeva Məhsəti Əbil qızı
Veysəlli Fəxrəddin Yadigar oğlu”.

суббота, 24 ноября 2012 г.

Qarabağ əlili Prezidentə müraciət etdi

1993-ci ildə Qarabağ müharibəsinin iştirakçısı, Füzuli rayonu ətrafında gedən döyüşdə çiynindən yaralanaraq II dərəcəli əlil olan Cəfərov Rasim Qərib oğlu ölkə Prezidenti İlham Əliyevə müraciət edib. 

Keçmiş döyüşçü müraciətində mənzil şəraitinin yaxşılaşdırılması üçün kömək istəyib: “Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. 1994-cü il yanvarın 30-da Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda gedən döyüşdə sağ çiyin oynağından aldığım qəlpə yarasından əməliyyat olunmuşam. Ancaq buna baxmayaraq, sağ əlimin iş qabiliyyəti tamamilə itib. 1994-cü il mayın 15-də səhhətimlə əlaqədar təxris edilmişəm. 2003-cü ildən ömürlük II qrup Qarabağ müharibəsi əlili, 2004-cü ildən Qarabağ müharibəsi veteranı statusunu almışam”. 

Qarabağ döyüşçüsü 1994-cü ildə həyat yoldaşı və iki azyaşlı övladı ilə İncəsənət Gimnaziyasının yataqxanasında, heç bir şəraiti olmayan 25 kv.m-lik otaqda məskunlaşıb: “Uzun illər təmir olunmayan, heç bir kommunal şəraiti, hətta qazı belə olmayan rütubətli otaqda yaşayış övladlarımın yez-tez xəstələnməsinə səbəb olub”.

R.Cəfərov 2004-cü ildə Qarabağ əlillərinə verilən güzəştlərə müvafiq mənzil almaq üçün Yasamal Rayon İcra Hakimiyyətində 34-cü sırada növbəyə dayanıb: “Ötən illər ərzində dəfələrlə Qarabağ əlillərinə mənzil verilməsinə baxmayaraq, məni get-gələ salıblar. Ötən ilin mart ayında mənə mənzil veriləcəyini bildirdilər. İndi isə deyirlər ki, həmin binada 2 mənzil qalıb və bu mənzillər ancaq Prezidentin göstərişi ilə verilə bilər”.

2000-ci ildən YAP üzvü olduğunu bildirən Qarabağ əlili 
övladlarının sağlam və vətənə xeyirli bir vətəndaş kimi böyütmək arzusunu nəzərə alaraq, mənzillə təmin olunmasına köməklik göstərilməsini Prezidentdən xahiş edib. 

воскресенье, 21 октября 2012 г.

Daşqın qurbanları prezidentə müraciət edib

Noyabrın 20-də iki il əvvəl evləri çay daşqınlarından yararsız vəziyyətə düşən bir qrup İmişli sakini prezident İlham Əliyevə müraciət edib.

Müraciət müəllifləri evlərinin yararsız olduğunu, dövlət büdcəsindən vəsait ayrılsa da, bundan onlara pay düşmədiyindən şikayətləniblər.


«İmişli rayonunda zərərçəkənlərə kompensasiyaların verilməsi və evlərin tikilməsində ayrı-seçkiliyə, eləcə də korrupsiya hallarına yol verilib. Fövqəladə Hallar Nazirliyi və İmişli Rayon İcra Hakimiyyətinin o zamankı rəhbərliyi bizim haqlı tələblərimizi qulaqardına vurub. 30 aydır müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Bir ildən isə çoxdur ki, məhkəmə yollarında get-gəldəyik. Bizim sözümüzü eşidən, səsimizə hay verən yoxdur. Halbuki bu istiqamətdə vəsaitlərin ayrılması və işlərin görülməsi üçün vaxtaşırı müəyyən addımlar atmısınız. Sonuncu dəfə 2012-ci il martın 29-da daşqınların törətdiyi problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi üçün 50 milyon manat pul ayırdınız. Biz sizdən soruşmaq istəyirik: 50 milyon manatın taleyi necə oldu? Bu vəsait hara xərcləndi?».

Müraciət müəllifləri prezidentdən problemlərinin araşdırılıb ölçü götürülməsi üçün addımlar atmasını xahiş ediblər.

среда, 10 октября 2012 г.

Əvəz Zeynallı üçün prezidentə müraciət


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının azad edilməsi və onun hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciət üçün imza toplayır. Kampaniya 3 gündür başlanıb. 
Oktyabrın 12-də RATİ-dən “Media forum” saytına bildiriblər ki, artıq 150 imza toplanıb. İmza kampaniyası tək Bakını yox, bölgələri də əhatə edir.
RATİ-dən verilən məlumata görə, təşkilatın əməkdaşları Bakıda, həmçinin xarici dövlətlərin səfirliklərində keçirilən tədbirlərdə də müraciəti imzalatmaqla məşğuldurlar.
Kampaniyanın 10 gün davam etməsi nəzərdə tutulub.
RATİ-dən bildirildiyinə görə, məsələyə kifayət qədər diqqət var, kampaniyanın uğurla bitəcəyi şübhə doğurmur.
İmza toplanması çap versiyasından başqa “Facebook”, elektron poçt vasitəsilə də həyata keçirilir.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor rüşvət almada ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır

понедельник, 3 сентября 2012 г.

Rafiq Tağının ailəsinin prezidentə müraciəti

Yazıçı-publisist Rafiq Tağının qətlindən 1 ilə yaxın vaxt keçsə də, qatilləri hələ tapılmayıb. İstintaqı nəticəsiz qalmasından narahat olan ailə üzvləri qərarları barədə açıqlama veriblər. Ötən ilin noyabrında qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının ailəsi yenidən ölkə prezidentinə müraciət etmək niyyətindədir. Bu barədə ANS-ə Rafiq Tağının qardaşı İlqar Tağıyev məlumat verib. Onun sözlərinə görə, ailə prokurorluq qarşısında bir neçə yeni vəsatət qaldırıb. “Biz prokurorluq qarşısında əlavə vəsatət qaldırmışıq. Müsbət cavabı gözləyirik. Olmasa prezidentə müraciət edəcəyik və ya görüş üçün qəbul istəyəcəyik”.

Qeyd edək ki, bundan bir müddət öncə, 2012-ci ilin fevralında da Rafiq Tağının ailəsi prezident İlham Əliyevə müraciət etmişdi. Müraciətdə istintaqın qeyri-obyektiv aparıldığı vurğulanmış, cinayət işinin ətraflı araşdırılması üçün dövlət başçısının göstəriş verməsi xahiş olunmuşdur.

Rafiq Tağının qətli ilə bağlı aparılan istintaq işinin son vəziyyəti ilə bağlı baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bunları bildirib: “Qeyd edilən cinayət işi üzrə Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik və Ədliyyə Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək məhsuliyyətə cəlb edilməsi istiqamətində, müxtəlif fərziyələr ətrafında zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Rafiq Tağının ölümü ilə bağlı bir neçə versiya səslənirdi. Ölümündən 1 gün əvvəl ANS-ə müsahibə verən Rafiq Tağı özü ona qarşı törədilmiş sui-qəsdin onun İran əleyhinə yazdığı yazılarla bağlı olduğunu demişdir.

Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. 

четверг, 21 июня 2012 г.

Xalq gəzintisində saxlanılanların prezidente müraciəti



Eurovision-2012 Mahnı Müsabiqəsi zamanı “xalq gəzintisinə” çıxanlar mülki geyimlilərin rəftarı barədə Azərbaycan prezidentinə müraciət etdi
Əsasən müxalifətyönlü İctimai Palata üzvləri olan aksiyaçılar deyir ki, mayın 25-də “Ölkədə demokratik islahatlar aparılsın” tələbi ilə keçirilən gəzintidə “vətəndaşlar polis zorakılığına məruz qalıb”.
İştirakçıların hüquqlarını müdafiə edən Ələkbər Məmmədov məsələyə siyasi deyil, hüquqi tərəfdən baxılmasını istəyir:
“Aksiya sivil idi, heç bir şüar, nümayiş yox idi, asayiş pozuntusu deyildi. Lakin mülki polislər vətəndaşların əllərini buraraq, maşınlara mindirib və idarələrdə söyüş və döyməklə təhqir edib”.
Məmmədov deyir ki, bu insanlar “hazırda da polisə dəvət edilir, hədə-qorxu alır, cəzalandırılır və cərimə ödəyir”.
Zorakılığa məruz qaldığını deyən AXCP üzvü Elçin Həsənov Milli parka gəldiyi zaman ATƏT nümayəndələri ilə salamlaşarkən Cəmil Hacıyev və digərləri ilə birgə saxlanıldığını deyir:
“Bizə dedilər ki, siz Azərbaycanın imicini korlayırsınız və sizi döymək üçün bura çağırmışıq”, Həsənov qeyd edir.
Şəhla Hacıyeva Eurovision ərəfəsində baş verən mitinqlərin ikisində zorakılıqla qarşılaşdığını deyir:
“Mayın 21-də məni polis maşına mindirərkən döyüb, 24-ü isə təhqir edib”.
17 yaşlı Nərmin Xəlilova valideynlərinə xəbər verilmədən 6 saat bölmədə saxlanıldığını bildirir.
Məmmədov, “azyaşlı uşaqdan valideyni olmadan izahat alınmasının hüquq pozuntusu olduğunu” deyir.
Ümumilikdə, AXCP-dən 17 nəfər “zərər çəkib”.
Cəmil Hacıyev deyir ki, ADP-dən 12 nəfər hazırda polisə çağrılaraq sorğu-sual edilir:
“Saatlı şöbəsindən isə İlham Süleymanov hazırda Şüvəlanda xuliqanlıq maddəsi ilə ittiham edilərək həbsdədir”.