Eurovision-2012 Mahnı Müsabiqəsi zamanı “xalq gəzintisinə” çıxanlar mülki geyimlilərin rəftarı barədə Azərbaycan prezidentinə müraciət etdi
Əsasən müxalifətyönlü İctimai Palata üzvləri olan aksiyaçılar deyir ki, mayın 25-də “Ölkədə demokratik islahatlar aparılsın” tələbi ilə keçirilən gəzintidə “vətəndaşlar polis zorakılığına məruz qalıb”.
İştirakçıların hüquqlarını müdafiə edən Ələkbər Məmmədov məsələyə siyasi deyil, hüquqi tərəfdən baxılmasını istəyir:
“Aksiya sivil idi, heç bir şüar, nümayiş yox idi, asayiş pozuntusu deyildi. Lakin mülki polislər vətəndaşların əllərini buraraq, maşınlara mindirib və idarələrdə söyüş və döyməklə təhqir edib”.
Məmmədov deyir ki, bu insanlar “hazırda da polisə dəvət edilir, hədə-qorxu alır, cəzalandırılır və cərimə ödəyir”.
Zorakılığa məruz qaldığını deyən AXCP üzvü Elçin Həsənov Milli parka gəldiyi zaman ATƏT nümayəndələri ilə salamlaşarkən Cəmil Hacıyev və digərləri ilə birgə saxlanıldığını deyir:
“Bizə dedilər ki, siz Azərbaycanın imicini korlayırsınız və sizi döymək üçün bura çağırmışıq”, Həsənov qeyd edir.
Şəhla Hacıyeva Eurovision ərəfəsində baş verən mitinqlərin ikisində zorakılıqla qarşılaşdığını deyir:
“Mayın 21-də məni polis maşına mindirərkən döyüb, 24-ü isə təhqir edib”.
17 yaşlı Nərmin Xəlilova valideynlərinə xəbər verilmədən 6 saat bölmədə saxlanıldığını bildirir.
Məmmədov, “azyaşlı uşaqdan valideyni olmadan izahat alınmasının hüquq pozuntusu olduğunu” deyir.
Ümumilikdə, AXCP-dən 17 nəfər “zərər çəkib”.
Cəmil Hacıyev deyir ki, ADP-dən 12 nəfər hazırda polisə çağrılaraq sorğu-sual edilir:
“Saatlı şöbəsindən isə İlham Süleymanov hazırda Şüvəlanda xuliqanlıq maddəsi ilə ittiham edilərək həbsdədir”.
