понедельник, 18 февраля 2013 г.

İcra başçısının təhqir etdiyi qadınlar Bakıya yürüşə hazırlaşır


Dünən Zaqatala rayonu Mamrıx kəndində evləri zəlzələ zamanı dağılan qadınlar icra başçısı Mübariz Əhmədzadənin və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qarşısını kəsib. Mamrıx kənd sakini Fatma Şaban qızı Əfəndiyevanın redaksiyamıza verdiyi məlumata görə, icra başçısı qadınları təhqir edib: “20-dən artıq qadın dərdimizi söyləmək üçün icra başçısı ilə Orucəli müəllimin getdiyi maşın karvanının qarşısını kəsdik. Düşünürdük ki, bizim şikayətimizi dinləyəcəklər. Amma maşından düşən Mübariz Əhmədzadə 20 qadını təhqir etdi. O maşından düşərək qışqırmağa başladı və bizə dedi ki, rədd olun burdan! Siz nə həyasız adamlarsız ?”. F. Əfəndiyevanın bildirdiyinə görə, Zaqatalanın icra başçısı daha sonra kənd icra nümayəndəsinə qadınların yoldan kənara çəkməsini əmr edib: “İcra başçısı daha sonra icra nümayəndəsi İlqar Bayramova dedi ki, bunları yoldan qov”. Fatma xanımın bildirdiyinə görə, 2 qadın başçının təhqirlərini eşitdikdən sonra əsəb sarsıntısı keçirib: “Mömünət Əliyeva və Gülər Qurbanova başçının təhqirindən sonra əsəb sarsıntısı keçirib. Hər ikisi evdə xəstə yatır”. F. Əfəndiyevanın bildirdiyinə görə, ötən ilin may ayında baş verən zəlzələ zamanı kəndəki evlərin əksəriyyəti yararsız hala düşüb: “Evlər yararsız vəziyyətdədir. Amma bizim evlərimizi tikmirlər. Şikayətlərimizə baxan yoxdur. Zəlzələ olanda evimiz dağıldı. Qorxusundan övladım  şok vəziyyətinə düşdü. Onu Bakıya “Semaşko” xəstəxanasına apardılar. 124-cü palatada müalicə alıb. Müalicəsi hələdə davam edir. Evim dağılıb, uşağım xəstə düşüb amma FHN-nin işçiləri deyir ki, evinizə heç nə olmayıb”.
F. Əfəndiyeva bildirdi ki, kəndin qadınları Prezident Administrasiyasına yürüş edəcək: “Kəndimizin anaları Prezident Aparatına yürüş edəcək. Biz tələb edirik ki, kəndin analarını təhqir edən Mübariz Əhmədzadə cəzalandırılsın. Evlərimizin yoxlanılması üçün yeni komissiya yaradılsın”. Qeyd edək ki, Zaqatalanın Mamrix kəndində etnik saxorlar yaşayır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev son müşavirəsində məmurlara son xəbərdarlıq edərək, vətəndaşları təhqir edənlərin agır çəzalandırılaşağını bildirmişdi. Görünür dövlət başçısının xəbərdarlığı  məmurlar üçün o qədər önəm daşımır (gundeminfo.az).

Məsələyə münasibət öyrənmək üçün  Zaqatala Rayon İcra Hakimiyyətinə etdiyimiz zənglərə cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Комментариев нет:

Отправить комментарий