http://isfandiyar.com/2/prezident%C9%99-muraci%C9%99t/
Azərbaycan Respublikasının Prezidenticənab İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident! 8-ci ildir ki, səlahiyyət sahibi olan məmurların insafa gəlməyəcəyinə, öz əsassız qərəzçiliklərindən, məkrli niyyət və inadlarından dönməyəcəklərinə tam əmin olduqdan sonra Sizə müraciət etmək zərurətində qaldım.
Mən, Ağayev İsfəndiyar Bəhlul oğlu 9 iyun 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Atam — Ağayev Bəhlul İsfəndiyar oğlu 1937-ci ildə Qərbi Azərbaycanın Zəngəzur bölğəsində anadan olmuşdur, elmlər doktoru, Azərbaycan Dövlət Pedagoji Universitetində kafedra müdiri, professordur. 1996—2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rektoru vəzifəsində işləmişdir. Anam təqaüddə olan müəllimdir. İki bacım var, biri həkim, digəri isə, müəllimdir. Hər ikisi ailəlidir. Mən özüm də ailəliyəm, həyat yoldaşım həkimdir. Üç övladımız var.
Hörmətli Prezident! Mən 1990-cı ildə Bakı şəhərində M.Rahim adına 7 saylı orta məktəbi medallabitirib, Bakı Dövlət Universitetinin ”Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinə daxil olmuşam və 1995-ci ildə həmin fakültəni əla və yaxşı qiymətlərlə bitirmişəm. 1996-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində işləmişəm, 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışmışam.
Çoxlarından fərqli olaraq, həyatda elm yolunu seçdim. 1996-2000-ci illərdə AMEA-nın Fəlsəfə və hüquq institutunda “Cinayət hüququ” ixtisası üzrə aspirant olmuşam. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məktubu əsasında, Moskva şəhərində Moskva Dövlət Hüquq Akademiyasında dissertasiya işimi uğurla müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsini almışam. Lakin namizədlik işim Azərbaycanın AAK-da qeydiyyata alınarkən, böyük haqsızlıqla rastlaşdım. Belə ki, həmin vaxt Prezident Aparatında məsul vəzifədə işləyən, gözü ayağının altını görməyən (indi mənə qarşı haqsızlıq edən məmurlar kimi), indi tamamilə nüfuzdan düşmüş birisi, heç bir əsas olmadan, mənə qarşı qərəzçilik edərək, AAK-ın razılıq məktubu ilə Moskvada müdafiə edib, aldığım qanuni diplomun AAK-da qeydiyyata alınmasını 2 il yubatdırdı. Bu isə, mənə bədbinlik yox, əksinə nikbinlik gətirdi və mən səbr edərək, doktorluq işimin üzərində işləməyə başladım. AAK-dakı dəyişiklikdən sonra diplomum qeydiyyata alındı, daha sonra isə, həmin şəxs çox layiqli “payını” aldı. Belə hesab edirəm ki, bu, insanlara qarşı ədalətsizlik və qərəzçilik edən hər bir şəxs üçün dərs olmalıdır!
2000-ci ildən Bakı Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya” kafedrasında işləməklə,“Azərbaycan Respublikası və Rusiya Federasiyası cinayət qanunvericiliklərində cinayətlər çoxluğu problemləri” mövzusunda doktorluq işi üzərində işləməyim məsləhət bilindi. Mövzu çətin olsa da, maraqlı idi. Odur ki, 30-31 yaşımda elmlər doktoru olacağımı qarşıma məqsəd qoyaraq (Azərbaycanda bu yaşda hüquq elmləri doktoru olmamışdı, baxmayaraq, artıq mənim indi 38 yaşım var), savadıma və özümdə olan çox böyük potensial gücə güvənərək, gecə-gündüz böyük həvəslə işləməyə başladım. AAK-ın təlimatına tam uyğun olaraq, 50-dən çox məqalə və 3 monografiya çap etdirdikdən sonra, dissertasiya işini müzakirə olunmaq üçün kafedraya təqdim etdim. Monoqrafiyalar və 20-dən çox məqalələr Moskva şəhərinin tanınmış nəşriyyat və jurnallarında nəşr olunmuşdu. Görülən işlər nəzərə alınaraq, 27 yanvar 2004-cü il tarixdə Bakı Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya” və “Cinayət prosesi” kafedralarının birləşmiş iclasında doktorluq dissertasiya işim geniş müzakirə edildi, yüksək qiymətləndirildi və müdafiəyə məsləhət bilinərək, Bakı Dövlət Universitetinin Rektorunun 13 fevral 2004-cü il tarixli, 01-2/111 saylı məktubu ilə birlikdə AAK-a təqdim edildi.
Hörmətli Prezident! Artıq 8-ci ildir ki, AAK-da dissertasiya işimlə bağlı, nə hüquqi, nə də insani çərçivəyə sığmayan, heç bir yerdə görünməyən ədalətsizliklə, qərəzçiliklə və özbaşınalıqlarastlaşmışam. O vaxtdan bu günə kimi, məsələ həll edilməmiş və işim haqqında rəsmi qaydada nə mənə, nə kafedraya, nə də BDU-ya heç bir məlumat verilməmişdir. Nə qədər çalışsam da, heç bir nəticəsi olmamışdır. Hətta, AAK-da işimə qərəzçiliklə yanaşıldığını bilən və onunla barışmayan, savadıma, qabiliyyətimə güvənən, “Cinayət hüququ və kriminologiya” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərov 09 yanvar 2006-cı il tarixli 04/244 saylı məktubu ilə AAK-ın sədri, akad. Arif Mehdiyevə acizanə xahiş məktubu da göndərmişdir. Çox təəssüf ki, həmin mötəbər şəxsin də məktubuna əhəmiyyət verilməmiş və cavabsız qalmışdır.
Maraqlı və təəccüblü işlərdən biri də, akad. Arif Mehdiyevin məni aldatmasıdır. Belə ki, 01 noyabr 2006-cı il tarixdə AAK-ın ekspert komissiyasına (sədr — iqtisad elmləri doktoru, prof. Rasim Nəbiyev) dəvət olundum və doktorluq işim geniş müzakirə olunaraq, ekspert komissiyasından keçdi. Bundan bir müddət sonra, 19 fevral 2007-ci il tarixdə, AAK-ın sədri, akad. Arif Mehdiyev məni AAK-a dəvət edərək qəbul etdi. Çox təəccüblü olsa da, o, məni çox yüksək səviyyədə qarşıladı və səmimi söhbət əsnasında, “sənin işinin gecikdirilməsinin nə bizə, nə də sənə xeyri yoxdur” deyərək, müəmmalı olsa da, “işin xeyrinə olsun deyə” deyərək, işin yenidən müzakirə olunmasını məsləhət bildi. Daha sonra, çox səmimi şəkildə “iyun ayında doktor olacaqsan” deyərək, vəd etdi və işi kafedraya qaytartdı. Mən bu səmimi münasibətdən sonra, ağsaqqal akademikin, bunu nə məqsədlə etdiyini ağlıma da sığışdıra bilmədiyim üçün, onun sözündən çıxa bilməzdim. Odur ki, 05 mart 2007-ci il tarixdə iş yenidən müzakirə olunaraq AAK-a göndərildi. Çox təəssüf ki, bundan sonra da AAK dissertasiya işinə dair öz münasibətini bu günə kimi bildirməmişdir. Daha sonra, akad. Arif Mehdiyevin mənimlə “səmimi söhbətinin” əsl mahiyyəti üzə çıxdı. Belə ki, akad. Arif Mehdiyev, ekspert komissiyasının işim haqqında qəbul etdiyi müsbət qərarını itirmək üçün (görünür, o, bundan xəbərsiz olub) belə bir “oyundan” istifadə etmişdir. Bu isə biabırçılıqdır! Onu da bildirim ki, mənim işimi, Respublikada böyük hörmət və nüfuza malik olan bir çox şəxslər də akad. Arif Mehdiyevdən xahiş etmişdir. O, təəccüblü olsa da, mənim işimi “мёртвое дело” adlandırmış və özünü yaxşı kimi göstərərək, bu işin ondan asılı olmadlığını bildirmişdir.
Hörmətli Prezident! Bu məmurların mənə qarşı qara niyyətlərindən xəbərsiz olduğum üçün, çox böyük gənclik həvəsilə gərgin işləyərək, sevinclə başa vurduğum bu böyük işi, bir il gözlədikdən sonra, bildim ki, ağ rəngə çox rahat qara deyən bu məmurlar (artıq mən onları belə qəbul edirəm), heç bir vicdan əzabı çəkmədən, onu çox asanlıqla yerə vurmaq, heç etmək istəyirlər. Odur ki, onların çox güclü, ədalətsiz və məkrli olduqlarını bilərək, haqlı olduğumu onlara sübut edə bilməyəcəyimi başa düşərək, səbr edəcəyimlə, savadımla, növbəti yuxusuz gecələrimin, gərgin əməyimin nəticəsi ilə, onlara əsaslı cavab verəcəyimi qarşıma məqsəd qoydum və düşündüyümdən də artıq nəticəyə nail oldum. Belə ki, 2005-2011-ci illərdə hamını, o cümlədən özümü də heyrətləndirən və kafedranın tarixində heç kimin görmədiyi işləri gördüm. Bəli, heç kimin görmədiyi işləri! Bu elə-belə söz olmayıb, inanılmaz həqiqətdir! Baxmayaraq ki, uzun bir tarixi olan “Cinayət hüququ” kafedrasında çox görkəmli və tanınmış elmlər doktorları, professorlar işləmişlər, ancaq, təvazökarlıqdan kənar olmasın, onların heç biri bu səviyyədə dərsliklər yazmamışdır.
Mən, bu 5 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi əsasında, kafedranın ehtiyacı nəzərə alınaraq, Azərbaycan və rus dillərində, 205 çap vərəqi həcmində 5 dərslik (2811 səhifə), 52 çap vərəqi həcmində 2 dərs vəsaiti (831 səhifə) yazaraq, çap etdirdim (cədvəl 1) və onlara sübut etdim ki, bunlar da doktorluq işimdə olduğu kimi, mənim savadımın, yuxusuz gecələrimin və gərgin əməyimin məhsullarıdır. Cədvəldə göstərilən dərsliklərdən dördü (2, 4, 5, 7), dərs vəsaitlərinin hər ikisi (1, 3) Azərbaycan hüquq elmi tarixində ilk dəfədir ki, mənim tərəfimdən yazılmışdır. 6-cı dərslik isə, “Ümumi” və “Xüsusi” hissələr birlikdə olmaqla, o da ilkin olaraq mənə məxsusdur.
Cədvəl 1.
İ.B. Ağayevin 2005—2011-ci illərdə nəşr olunmuş
dərslik və dərs vəsaitlərinin siyahısı
| ||||
№
|
İşin növü
|
İşin növü
|
Nəşr olunduğu yer
|
Həcmi
|
1
|
Cinayət tərkibi
|
Dərs vəsaiti
|
Bakı: “Təhsil” nəşriyyatı, 2005.
|
496 səh.
31 ç.v.
|
2
|
Azərbaycan Respublikasının
Cəza-icra hüququ. Ümumi hissə
|
Dərslik
|
Bakı: “Təhsil” nəşriyyatı, 2007.
|
360 səh.
23 ç.v.
|
3
|
Состав преступления: понятие, элементы, значение
|
Dərs vəsaiti
|
Moskva: “Юристъ”
nəşriyyatı, 2008.
|
335 səh.
21 ç.v.
|
4
|
Уголовно-исполнительное право Азербайджанской Республики
|
Dərslik
|
Moskva: “Юристъ”
nəşriyyatı, 2008.
|
463 səh.
28 ç.v.
|
5
|
Уголовное право Азербайджанской Республики
|
Dərslik
|
Moskva: “Юристъ”
nəşriyyatı, 2009.
|
684 səh.
56 ç.v.
|
6
|
Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumi və Xüsusi hissələr
|
Dərslik
|
Bakı: “Nurlar” nəşriyyatı, 2010.
|
832 səh.
68 ç.v.
|
7
|
Azərbaycan Respublikasının
Cəza-icra hüququ. Xüsusi hissə
|
Dərslik
|
Bakı: “Nurlar” nəşriyyatı, 2011.
|
472 səh.
30 ç.v.
|
Çox maraqlı və təəccüblüdür ki, hətta, Bakı Dövlət Universitetinin yarandığı vaxtdan bu günə kimi, hüquq fakültəsində ən mühüm fənn olan 5-ci dərslik — “Уголовное право Азербайджанской Республики” (rus bölməsi üçün, I, II hissələr) mənə qədər yazılmamışdır. 80 ildən çox bir müddətdə, bu əsas dərsliyin yazılmaması nə deməkdir? 80 ildə, rus bölməsində (əyani, qiyabi, axşam şöbələri olmaqla) təhsil alan Azərbaycanın gələcək hüquqşünasları “Уголовное право Азербайджанской Республики” dərsliyi olmadan, onu haradan və necə öyrənmişlər? Belə çıxır ki, rus dilində olan bu dərsliyin çətinliyini nəzərə alaraq, onun yazılmasını heç kim öz üzərinə götürməmiş, hətta, bu barədə nə düşünən, nə də narahat olan da olmamışdır. Uzun illərdən bəri qalan bu iki hissəli, böyük və çətin dərsliyin də mənim tərəfimdən yazılması təqdirə və tərifə layiq deyilmi?
Maraqlı cəhətlərdən biri də odur ki, “Azərbaycan Respublikasının Cəza-icra hüququ” (Azərbaycan bölməsi üçün) və “Уголовно-исполнительное право Азербайджанской Республики” (rus bölməsi üçün) kimi mühüm fənnlər də, hüquq fakültəsində uzun müddət tədris olunmasına baxmayaraq, onların da dərsliyini indiyə kimi heç kim öz üzərinə götürüb, yazmamışdır. Bu dərslikləri də, Azərbaycan və rus dillərində, ilk dəfədir ki, mən yazmışam. Azərbaycan Respublikasının hüququ sahəsində ilkin dərsliyin yazılmasının çətinliyi isə, məlum məsələdir və ona görə də, bu məsuliyyəti çoxları öz üzərinə götürməmişdir. Mən bu çətinliyin də məsuliyyətini öz üzərimə götürüb, bu möhtəşəm işləri görmüşəm. Budur mənə verilən qiymət? Bu göstəriciləri olana qarşı necə ədalətsizlik etmək olar? Bəlkə onlar elə düşünürlər ki, mən gördüyüm işlərin dəyərini bilmirəm? Məlum olur ki, öz millətinin övladına qarşı belə ədalətsizliyi ancaq bu məmurlar edə bilərlər. Əgər, Respublikada tanınmış, görkəmli və hörmətli elmlər doktorlarının, professorların, əməkdar elm xadimlərinin, yazılması vacib olan və yazmadıqları dərslikləri mən yazmışamsa, onların görmədiyi işləri mən görmüşəmsə, məntiqə görə, bunun nə demək olduğunu başa düşmək çox da çətin deyildir. Bu nöqteyi-nəzərdən, o məmurlar bilsinlər ki, gördüyüm işlərlə mən, artıq elmlər doktoru və professora verilən tələbatı artıqlaması ilə təmin etmişəm. Onlar mənim bu aydın görünən əməyimi qiymətləndirməsələr də, istər daxili, istərsə də xarici həmkarlarım və ictimaiyyət onu çox yaxşı qiymətləndirirlər. Bu isə, mənə həm qürur, həm də inam verir!
Hər kitabım nəşr olunarkən (7 kitab), ilk olaraq səmimi avtoqrafla, akad. Arif Mehdiyevə göndərmişəm ki, bəlkə bundan məntiqi nəticə çıxarar. Çox təəssüf ki, çox dərin məna daşıyan bu münasibətə də, o, etinasız yanaşmışdır. Baxmayaraq ki, yuxusuz gecələrimin, çəkdiyim gərgin əməyin böyük bəhrəsi olanbu 7 kitabın hər biri, doktorluq işinə bərabər və hətta ondan üstün olanları da olmaqla, həyatımın tarixləşən ən şərəfli səhifələrindən və ən böyük uğurlarımdan olub, bütün həmkarlarım və ictimaiyyət arasında mənə böyük hörmət gətirmişdir. Onu da xatırladım ki, orta məktəbi Azərbaycan dilində, Universiteti rus dilində bitirmişəm, ingilis dilini də bilirəm. Kafedrada apardığım dərslər, əsasən rus, qismən də Azərbaycan bölməsindədir. Tədris etdiyim fənlərin dərslik və dərs vəsaitlərini də özüm yazmışam.
Ümumilikdə 5 dərsliyin, 2 dərs vəsaitinin, doktorluq işinə aid 3 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifiyəm. Onlardan 6 kitabım və 20-dən çox məqaləm Moskva şəhərinin nüfuzlu nəşriyyat və jurnallarında nəşr olunmuşdur. O məmurlar bilmirlər ki, 5 dərslik yazmaq nə deməkdir? Əgər bilmirlərsə, bilsinlər, bu, çox böyük işdir. Bu savadın, böyük əməyin, zəhmətin, istək və həvəsin nəticəsidir. Maraqlıdır, Azərbaycan elminin keşiyində dayanan və onun təəssübünü çəkən bu məmurlara görəsən, daha nə lazımdır? Doğrudanmı, onlar Azərbaycan elminin qeydinə qalıb, mənim işimi bəyənmirlər? Onda, niyə mənə əsaslandırılmış rəy və cavab verə bilmirlər? Onların elmlər doktoru etdiklərinin, hansının belə göstəriciləri vardır? Onların sənədləri AAK-dadır, yoxlanılsa, çox şey aydın olar.
Maraqlıdır, necə olur ki, məqalələrimə, monoqrafiyalarıma, dərslik və dərs vəsaitlərimə görə, Moskvanın görkəmli akademik və elmlər doktorları məni tanıyıb, qəbul edib və mənimlə hesablaşdığı halda, Rusiya Federasiyasının Dövlət Duması verdiyim təkliflər əsasında qanunvericiliyə dəyişiklik edirsə, AAK mənim işimi bəyənmir? Çox gülməlidir! AAK-da mənim işimi qiymətləndirən kimdir? sualı da maraqlıdır. Digər tərəfdən, AAK-ın razılığı ilə müdafiə olunan və AAK-da asanlıqla təsdiq olunan işlər haqqında da ətraflı məlumatım var. Çünki şəxsi tanışlığımın olması səbəbindən, həmin işlərin müəlliflərinin savadına və qabiliyyətinə çox yaxşı bələdəm. Başqa söz demirəm, heç olmasa özlərinə hörmət etməyi və etdirməyi də unutmasınlar!
Hörmətli Prezident! Moskvada çap olunan məqalələrimdə verdiyim təkliflər əsasında Rusiya Federasiyasının qanunvericiliyinin müəyyən maddələrində dəyişiklik edilmişdir. Belə ki, Rusiya Federasiyasının 8 dekabr 2003-cü il tarixli Federal Qanunu ilə “cinayətlərin dəfələrlə törədilməsi” cəzanı ağırlaşdırıan hal qismində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin maddələrindən çıxarılmış və dəfələrlə cinayət törətmiş şəxslərin törətdikləri hər bir əmələ görə məsuliyyət daşıması barədə müddəa bu məcəlləyə daxil edilmişdir. Bu mənim dərsliklərimdə (“Azərbaycan Respublikasının Cinayət hüququ” və “Уголовное право Азербайджанской Республики”) də öz əksini tapmışdır. Digər tərəfdən, məni qürurlandıran işlərdən biri də, elmi-tədqiqat işi aparan, dərslik, dərs vəsaitləri yazan xarici ölkə alimlərinin monoqrafiyalarıma, dərsliklərimə, dərs vəsaitlərimə, məqalələrimə saysız istinadlar etmələridir. Mənə qarşı bədxahlıq edənlər internetə daxil olsalar onu öz gözləri ilə görə bilərlər. Bu istinadlar Azərbaycan elminə verilən yüksək qiymətdir. Bütün bunlar onun nəticəsidir ki, Moskvanın bir çox görkəmli hüquqşünas alimləri məni Azərbaycanın layiqli bir nümayəndəsi kimi tanıyır və hörmət edirlər. Xarakterik bir nümunə: “Уголовное право Азербайджанской Республики” (I, II hissələr) dərsliyi (Moskva: “Юристъ” nəşriyyatı, 2009. 684 səh.), hüquqi savadımı, yazı dilimi qəbul edən və mənimlə hesablaşan, Rusiya Elmlər Akademiyasının akademiki Valeriy Revinin təklifi ilə, onunla birlikdə yazılmışdır. Dərslikdə göstərildiyi kimi, mən ilk müəllif olmaqla, işin 77% mənə, 23% isə, hər ikimizə aiddir. Bütün bunlardan “xəbərsiz olan” məmurlar, əvvəlcə hüquq elmləri doktoru və professor, sonralar isə, AAK-da ekspert komissiyasının sədri etdirdikləri və hamının çox yaxşı tanıdığı, özəl Beynəlxalq Universitetin sabiq rektoru, Elşad Abdullayevə və ancaq onun kimi kadrlarına “söykənərək” mənim işimi qiymətləndirirlər? Onlar heç Revin və onun kimilərlə üzbəüz oturub, hüquq elmindən söhbət də edə bilməzlər! İki kəlimə söz danışa bilməyənlərə AAK-da bu səlahiyyətlərin və meydanın verilməsi nə deməkdir? Onlar istər hüquqi savad və istərsə də dil (rus) baxımından, mənim işimi oxuyub, başa düşəcək səviyyədə deyillər, amma göstərişlə qərar verməkdə çox müti mahirdirlər,çünki layiq olmadıqları vəzifəyə təyin olunmuşlar! Odur ki, “dostunu göstər, sənin kim olduğunu deyim” məsəli elə-belə deyilməmişdir. Həm də, görünür belələrinin yanında onlar özlərini daha rahat hiss edir və böyük görürlər. Ayıbdır! Bu boyda ayıbı “görməyənlər” məndə nəyi axtarırlar?
Maraqlı cəhətlərdən biri də odur ki, mənə maneəçilik törətmək istəyən məmurlar, məni tanımadıqları üçün, özləri də bilmədilər ki, dialektikanın ziddiyyət qanununa uyğun olaraq, onlar mənə maneəçilik yox, daha sürətlə inkişaf etmək zərurətini yaratdılar. Bundan sonra, onların mənə nə etməsindən və mənim nə edib-etməyəcəyimdən asılı olmayaraq, mən gördüyüm işlərlə, bu yaşda, hüquq sahəsində artıq öz sözümü demiş hesab olunuram. Digər tərəfdən, həmin məmurların mənim necə böyüdüldüyümdən, necə tərbiyələndirilməyimdən və zəhmətə alışdırıldığımdan xəbərsiz olmaları səbəbindən, onlar işin belə gedəcəyini düşünmədilər və gözləmirdilər. Ona görə də, “vurduq getdi” dedilər?
Hörmətli Prezident! Sizə onu da bildirmək istəyirəm ki, əsaslı faktımızın və haqqımızın olmasına baxmayaraq, başqalarından fərqli olaraq, bu 8 ildə mənə açıq qərəzçilik edən məmurlara, istər dövlət səviyyəsində (şikayət və s.), istər mətbuatda və istərsə də, ictimaiyyət arasında heç bir hörmətsizlik etməmişik, onlara qarşı etik normadan kənar heç bir hərəkətə yol verməmişik və özləri də bunu çox yaxşı bilirlər. Görünür, mənim bu illərdə “susmağımı”, onlar düzgün qiymətləndirməyib, öz düşüncə tərzlərinə görə acizlik əlaməti kimi qəbul etmişlər. Mən isə, onların ədalətsiz, qərəzçi və çox cüclü olduqlarını bilərək, onlara əsaslı faktlarla cavab verəcəyimi qərara aldım, necə ki, indi o cavabı yüksək səviyyədə verə bilirəm. Həmçinin, səbr edərək, təmkinlə, böyük nəticəsi olan işlərimlə, onların dərindən düşünəcəyinə, işimə ədalətlə yanaşacaqlarına da ümid etmişəm və bunu uzun müddət gözləmişəm. Çox təəssüf ki, onlar mənim bu düşüncəmdən çox uzaq olub, yenə də, öz düşüncə tərzlərindən kənara çıxa bilməyib, “güclərinə güvənərək”, “kim güclüdür, o da haqlıdır” prinsipinə uyğun olaraq, özbaşınalıqlarını davam etdirərək, hədlərini aşırlar. Çox maraqlıdır, Respublikada hüdudsuz mənsəb sahibi olan bu məmurlar, doğrudanmı, belə işlərlə məşğul olmağı özlərinə rəva bilib, sığışdıra bilirlər? Həyatda bunun acı nəticələri olan nümunələri çoxdur, bəziləri də elə göz qabağındadır, hətta, onu da görmürlər?
Hörmətli Prezident! Son vaxtlar, Sizin rüşvətxorluğa, ədalətsizliyə, insanların əsassız olaraq incidilməsinə qarşı qaldırdığınız məsələyə əsaslanaraq, bu ruha uyğun 29 mart 2011-ci il tarixdə(göndərişin nömrəsi: 098716) akad. Arif Mehdiyevə səmimi məktub da göndərmişəm və mənə qarşı olan bu uzunmüddətli — 8 illik qərəzçiliyin aradan götürülməsini xahiş etmişəm. Çox təəssüf ki, akad. Arif Mehdiyev yenə də müvafiq qanuna riayət etməyərək bu məktuba da cavab vermədi. Ona görə mən həmin məktubu öz saytımda (www.isfandiyar.com) yerləşdirmişəm.
Mən bu illərdə gərgin işləməklə, istər daxili və istərsə də, xarici həmkarlarım və ictimaiyyət arasında özümü tanıtdıra bilmişəm. Bununla yanaşı, mənə qarşı olan bu açıq qərəzçilik, artıq ictimailəşmişdir. İnsanlar, yüksək vəzifə sahibi olan bu məmurlara, onlarla heç bir əlaqəsi, ədavəti olmayan və övladları yerində olan bir gəncə qarşı belə “ciddi mübarizə” aparmalarına çox təəccüblə baxır və təəssüf edirlər. Mən həyatda mübarizənin əleyhinə deyiləm. Baxır kiminlə və nəyə görə? Onların mənimlə mübarizə aparmalarına heç bir əsaslı səbəb yoxdur. Əgər bu onların öz düşüncəsidirsə, səhv düşüncədir və inanıram ki, həyat da bunu onlara sübut edəcəkdir. Digər tərəfdən, həmin məmurlar bilmirlər ki, artıq onlar ictimaiyyətin qınaq hədəfindədirlər, hamı onların mənə qarşı etdikləriədalətsizlikdən, qərəzçilikdən və özbaşınalıqdan danışır. Bu bizə, həm qürur, həm də təminat verir. Bəli, təminat! Çünki onlar çox şeyə qadirdirlər və bilsinlər ki, hamı da bunu bilir! Hətta, 07.07.2011-ci il tarixli “Bizim yol” və “Millət” qəzetlərində (baxmayaraq ki, biz bu yazının tərəfdarı deyilik, çünki öz sözümüzü özümüz deməyi bacarırıq) səthi də olsa bu məsələyə toxunulmuşdur. Hər halda, bu, xalqın içərisindən gələn səsdir.
Bir məsələ də çox maraqlıdır. Mənə qarşı haqsızlıq edən məmurların övladlarına qarşı kimsə belə haqsızlıq etsə, necə olar? Bu barədə onlar düşünürlərmi? Həmin insanların hərəkətləri onu göstərir ki, bu heç onların ağlına da gəlmir. Amma bir məsəli də xatırladım ki, “insanın ağlına gəlməyən, başına gələr”. Mən belə hesab edirəm ki, rahat yaşamaq üçün, insanın, xüsusilə də, ixtiyar və səlahiyyət sahibi olan insanın qəlbində həmişə “ədalət tərəzisi” olmalıdır ki, cəzanı verəndə də ədalətli versin. Mənə verilən cəza ədalətsizdir! Ona görə də, mən bu cəzadan yüksək səviyyədə faydalanmışam — cədvəl 1. Bəli, bu cədvəl mənim həyatımın ən şərəfli bir səhifəsi və onun güzgüsüdür!
Bilirəm, mənim belə yazmağım nə tərbiyəmə, nə mədəniyyətimə, nə də səviyyəmə uyğun deyil. Lakin, məni buna onlar məcbur edirlər. Bu 8 ildə mənə qarşı heç bir səbəb omadan, hələ qanuni tərəfini demirəm, heç bir insani səviyyəyə sığmayan ədalətsizliyi nə üçün edirlər? Bu barədə niyə düşünmürlər? Nə olsun ki, uzun illərdə mən “susmuşam”, bəs onların qəlbindəki “ədalət tərəzisi”? Həqiqətdə isə, mən susmamışam. Həmin illərdə mən, onlara əsaslı və tutarlı cavab vermək üçün nəticəsi göz qabağında, məni istəməyənlər üçün “göz dağı” olan cədvəldəki işləri görmüşəm. Bəs, onlar nə düşünürdülər?
Hörmətli Prezident! Akad. Arif Mehdiyev mən və mənim kimi tədqiqat işi aparanların işini obyektiv qiymətləndirmək üçün o mötəbər vəzifəyə təyin olunmuşdur və hətta, Siz onu Şöhrət ordeni ilə də təltif etmisiniz. Bunlar akad. Arif Mehdiyev üçün nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyət deməkdir. Yaşına və tutduğu vəzifəyə görə o, Azərbaycan elminin qayğısına qalmaqla yanaşı daha ədalətli, daha qayğıkeş olub, hər kəsə, öz əməyinə, savadına, qabiliyyətinə görə qiymətini verməlidir. İndi bu belədirmi? Bizim hər birimiz bir hüquqi dövlətin bərabər hüquqlu vətəndaşlarıyıq və qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyırıq. Biz də akad. Arif Mehdiyevə qarşı, heç bir çərçivəyə sığmayan bu ədalətsizliyinə və özbaşınalığına görə, onu sarsıtmaq və peşiman etmək üçün, istənilən qanunsuz hərəkəti edə bilərik, amma qanun qarşısında cəzalanacağımızı bildiyimiz üçün etmirik. Bəs, akad. Arif Mehdiyev bu etdiklərinə görə niyə cəzalandırılmır? Bu qədər ədalətsizlik olar? Hər şeyin, o cümlədən ədalətsizliyin də müəyyən həddi — dözümlülük həddi vardır. Artıq akad. Arif Mehdiyev o həddi bizə yaşatmışdır — 8 il! 1 il yox, 2 il yox, 3 il yox, 5 il yox, 6 il yox, 8 il! Bu nə deməkdir? Bəlkə AAK akad. Arif Mehdiyevə hər hansı bir kimsəsindən miras kimi qalmışdır ki, onu istədiyi kimi işlətsin! Digər tərəfdən, bəlkə onun Azərbaycan xalqının üzərində elə bir müstəsna xidmətləri olmuşdur ki, ondan irəli gələn müstəsna səlahiyyət hüquqları vardır? Hamı və özü də bilir ki, elə bir xidməti də olmamışdır.
Bilirəm, çox güman ki, o məmurlar mənim bu yazdıqlarıma və düşüncə tərzimə gülsünlər. Onlar gülməklərində olsunlar. Amma mən əminəm ki, indi mənə qarşı ədalətsizlik edənlər də, formasından asılı olmayaraq, əvvəlkilər kimi, öz layiqli “paylarını” alacaqlar, çünki onlar da mənim haqqımı ədalətsizcəsinə tapdalayırlar. Məsələ, ancaq o “payın” — cəzanın verilməsinin gec və tezliyindədir. Nə qədər gec veriləcəksə, cəza bir o qədər ağır olacaqdır. Ədalətsizlik sonadək qalib ola bilməz! Bu, mütləq həqiqətdir!
Hörmətli Prezident! Mən Sizə, ölkə prezidentinə yazdığımı, onun məsuliyyətini çox yaxşı bilirəm. Özüm və bildiklərim haqqında az yazmışam ki, çox yazmamışam. Yazdıqlarımı bir-bir yoxlatdıra bilərsiniz. Bunları yazmaqla özümü Sizə tanıtmaq yox, müstəqil dövlətin bir əməksevər, vətənpərvər, gənc vətəndaşına qarşı, bu uzunmüddətli (8 illik!), heç bir hüquqi və insani çərçivəyə sığmayan ədalətsizlik, qərəzçilik və özbaşınalıq edən məmurların layiq olduqları cəzanı almalarını Sizdən xahiş edirəm!
Hörmət və ehtiramla,
İsfəndiyar Bəhlul oğlu Ağayev /10 sentyabr 2011-ci il/
Комментариев нет:
Отправить комментарий